ŞUŞA, 22 yanvar. TELEQRAF
Şuşada Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi naziri general Səməd bəy Mehmandarovların malikanə kompleksi turistlərin ən çox ziyarət etdiyi məkanlardan birinə çevrilib.
Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, Şuşa şəhəri sürətlə bərpa olunur, sözün əsl mənasında yenidən var olmağa başlayır. Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi olan Şuşa artıq beynəlxalq aləmdə də tanınır. Azərbaycan Prezidenti tərəfindən şəhərin tarixi şöhrətinin özünə qaytarılması məqsədilə mühüm tapşırıqlar verilib.
Şuşada həyata keçirilən layihələrə və aparılan genişmiqyaslı quruculuq işlərinə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də cəlb olunur.
Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olan Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılır, şəhərin ilkin və tarixi siması ardıcıl şəkildə bərpa edilir.
Ermənistanın işğalı dövründə Şuşada mövcud olan tarixi, dini və mədəni abidələrlə yanaşı, şəhərin ən gözəl malikanələri də dağıdılıb. Hazırda tarixi görkəminə qaytarılan belə tikililərdən biri də Mehmandarovların malikanə kompleksidir.
Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunan malikanəŞuşaya səfər edən yerli və xarici turistlərin ən çox ziyarət etdiyi məkanlardan birinə çevrilib.
Şuşa Şəhər Dövlət Qoruq İdarəsinin mütəxəssisi Tərlan Əyyubzadə bildirib ki, malikanə kompleksi tamamilə yenidən qurularaq istifadəyə verilib. Onun sözlərinə görə, kompleks dörd tikilidən — böyük yaşayış evi, kiçik yaşayış evi, məhəllə məscidi və girişdə yerləşən bulaqdan ibarətdir. Böyük yaşayış evi işğal dövründə tamamilə dağıdılıb, kiçik yaşayış evi isə sovet illərində Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı kimi fəaliyyət göstərib.
Qeyd olunub ki, kompleksin memarı Qarabağın tanınmış memarı Kərbəlayı Səttam Qarabağlıdır. O, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərinin, Ağdam Cümə məscidinin və Şirinsu hamamının da memarı kimi tanınır.
Tərlan Əyyubzadə deyir ki, valideynləri gənc yaşlarında Şuşanı tərk etsələr də, o, həmişə bu şəhərdə yaşamaq və işləmək arzusunda olub:
“Şuşa haqqında valideynlərimdən eşitmişəm, arxiv materiallarından məlumat əldə etmişəm. Hər zaman arzum olub ki, Şuşada çalışım. Bu gün doğma vətənimizdə, Şuşamızın yenidən qurulmasında iştirak etdiyim üçün özümü çox xoşbəxt hiss edirəm”.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri və mədəni-dini abidələrin bərpası davam etdirilir. 2023-cü il mayın 9-da Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun apardığı bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak ediblər.
Malikanənin otaqları milli üslublu əşyalarla yanaşı, Avropa tipli məişət əşyaları ilə də bəzədilib. İnteryer XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid qaydalara uyğun tərtib olunub. Ekspozisiyanın hazırlanmasında 150-dən çox əntiq əşyadan istifadə edilib ki, bu da ziyarətçilərə həmin dövrün azərbaycanlı zadəgan evinin ab-havasını hiss etməyə imkan verir.