AĞDƏRƏ, 14 yanvar. TELEQRAF
Ağdərənin Çapar kəndində 40 ev istismara hazırdır.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı Çapar kəndində görülən işlər barədə jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, Çapar kəndində mövcud olan 104 fərdi evdən 41-i yararsız, 63-ü isə qismən yararlı vəziyyətdə olub.
Hazırda bu evlərdən 40-ı bərpa edilərək istismara hazır vəziyyətə gətirilib. İl ərzində daha 23 evin bərpası nəzərdə tutulur. İlkin mərhələdə kəndə 26 ailə (96 nəfər) qayıdıb və onların məskunlaşması üçün zəruri şərait yaradılıb.
Kənddə sosial məsələlərin həlli istiqamətində də genişmiqyaslı işlər həyata keçirilib. Üç ədəd mövcud transformator və elektrik xətləri bərpa edilib, yeni elektrik, qaz və rabitə xətləri çəkilib. Sakinlərin içməli su ilə təmin olunması məqsədilə su şəbəkəsi yaradılıb, mövcud su anbarları bərpa olunub. Bundan əlavə, uzunluğu 6 kilometrə yaxın olan kənddaxili yollar yenidən qurulub. Kənddə salınan yeni parkın da yaxın vaxtlarda sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Çapar kəndi Ağdərə rayonunun İmarət Qərvənd kənd inzibati ərazi dairəsində, Qarabağ silsiləsinin cənub-şərq yamacında yerləşir.
Kənd ərazisində qala və məbəd tipli memarlıq abidələri mövcuddur. Kənd 2023-cü ildə antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.
***
12:33
Ağdərənin Heyvalı kəndində bərpa işləri davam edir, 45 ev istifadəyə hazırdır.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu barədə jurnalsitlərə Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı məlumat verib.
Onun sözlərinə görə, Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsində, Qarabağ silsiləsinin ətəyində yerləşən Heyvalı kəndi kəndinin əhalisinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük və heyvandarlıq olub. Kənddə məktəb, klub və poçt kimi sosial obyektlər fəaliyyət göstərib.
Hazırda kənddə mövcud olan 126 fərdi evdən 45-i tam bərpa olunaraq istismara hazır vəziyyətə gətirilib. İl ərzində daha 50 evin bərpası planlaşdırılır. Artıq doğma yurduna qayıdan 19 ailənin (74 nəfər) məskunlaşması üçün bütün zəruri şərait yaradılıb.
Kəndin yenidən qurulması çərçivəsində sosial infrastrukturun bərpası istiqamətində də genişmiqyaslı işlər görülüb. Belə ki, 2 mövcud transformator, enerji və qaz xətləri bərpa edilib, yeni rabitə xətləri çəkilib. Sakinlərin içməli su ilə təmin olunması məqsədilə 60 kubmetrlik su çəni quraşdırılıb, su şəbəkəsinin inşası üzrə işlərə başlanılıb.
Bundan əlavə, 4,5 kilometr uzunluğunda kənddaxili yollar əsaslı şəkildə təmir edilib, sakinlərin asudə vaxtının səmərəli təşkili üçün yeni istirahət parkı salınıb.
Qeyd olunub ki, görülən işlər Heyvalı kəndinin mərhələli şəkildə bərpasını və əhalinin dayanıqlı məskunlaşmasını təmin etməyə xidmət edir.