“Sülh müqaviləsində Qarabağın adı var, amma nəzərə almaq lazımdır ki, bu sənəd hələ yekun deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Qarabağın adı var, amma nəzərə almaq lazımdır ki, bu sənəd hələ yekun sənəd deyil, danışıqlar gedir. Başa düşürəm ki, ictimaiyyət müəyyən şeylər gözləyir. Mənim gözləntim budur ki, bunun danışıqlar prosesi olduğunu anlamalıyıq və hər şey razılaşdırılmayıbsa, heç nə razılaşdırılmayıb”, - Ermənistan rəsmisi bildirib.

Qriqoryan qeyd edib ki, Ermənistan tərəfi sülh sazişinin aydınlaşdırılması üzərində işləyir. O, eyni zamanda, Qarabağ erməniləri ilə Bakı arasında beynəlxalq səviyyədə formalaşmış mexanizm çərçivəsində müzakirələrin aparılmasının tərəfdarı olduqlarını söyləyib.

Qriqoryanın sözlərinə görə, Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılmalıdır: “İndi erməni tərəfi sülh mətni üzərində işləyir, mətn ən qısa zamanda hazır olacaq və Azərbaycana veriləcək”.

Qriqoryan “statusun”un gündəmdən kənarda olub-olmaması, yoxsa söhbətin yalnız hüquq və təhlükəsizliklə bağlı getməsi barədə suala qısa cavab verib: “Beynəlxalq təminatlar varsa, o zaman təhlükəsizlik və hüquqlar da olacaq”.