BAKI, 21 avqust. TELEQRAF
“Meta” şirkətinin baş direktoru Mark Zukerberq həyat yoldaşı Prissilla Çanla birlikdə İrlandiyada tarixi Strankalli qalasını və onun ətrafındakı 178 hektarlıq ərazini satın alıb.
Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Qotik üslubda inşa edilmiş malikanə İrlandiyanın Uoterford qraflığında yerləşir. Zukerberq ailəsinin buradan İrlandiyaya səfərləri zamanı iqamətgah kimi istifadə edəcəyi bildirilir.
“Mark və ailəsi bu tarixi evə qayğı göstərməyə davam etməkdən məmnundurlar və "Meta"nın beynəlxalq qərargahının yerləşdiyi İrlandiyada vaxt keçirməyi səbirsizliklə gözləyirlər”, - Zukerberqin nümayəndəsi bildirib.
Daşınmaz əmlakın satış qiyməti rəsmi açıqlanmayıb. “The Irish Times”ın hesablamasına görə, mülkün dəyəri 20-30 milyon avro arasında ola bilər.
Strankalli qalası 1830-cu ildə keçmiş britaniyalı deputat Con Kili üçün inşa edilib. Tikilinin layihəsi memarlar Ceyms və Corc Riçard Peyn tərəfindən hazırlanıb.
Əmlakın əvvəlki sahibləri Londonda yerləşən “RAB Capital” investisiya şirkətinin həmtəsisçisi Maykl Alen-Bakli və həyat yoldaşı Cankarla olub. Onlar malikanəni 2000-ci illərin əvvəllərində alaraq əsaslı şəkildə bərpa ediblər.
Əvvəlki sahiblər Zukerberq ailəsinin tarixi əmlakın qorunması və inkişafına sərmayə yatırmağa davam etmək niyyətindən məmnun olduqlarını bildiriblər.