BAKI, 21 avqust. TELEQRAF
"Xocalıdan çıxanda çox gənc idim, cəmi 20 yaşım vardı. Yeni ailə qurmuşdum, övladlarım hələ çox kiçik idi. Çox itkilərimiz oldu. Heç inanmazdıq ki, biz gəlib bu illər ərzində başqa yerdə yaşaya biləcəyik. Amma demək ki, insan hər çətinliyə dözürmüş. İndi şükürlər olsun ki, doğma yurdumuza tək yox, böyük bir ailə olaraq - balalarımla, nəvələrimlə birgə qayıdıram."
Bunu Teleqraf-a açıqlamasında Xocalı sakini Rahilə Mehralıyeva deyib.
Xocalını artıq gedib gördüklərini deyən R. Mehralıyeva bu tarixi günləri yaşadanlara minnətdarlığını ifadə edib:
"Bu günləri görmək böyük xoşbəxtlikdir. Allah Prezidentimizə can sağlığı versin. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Qarabağ torpağında kimin əziyyəti keçibsə, kim o torpaqda qan töküb, can qoyubsa, hər birinə minnətdarıq. Düşmənlər bir daha buralara ayaq basmasın. Qarabağda yaşamağımız əbədi olsun."