BAKI, 21 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın oğullarının dəstəklədiyi “Powerus” startapı Fars körfəzi regionunda fəaliyyət göstərən enerji şirkətinə pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemləri tədarük edəcək.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, müqavilənin dəyəri 22,3 milyon dollar təşkil edir. “Powerus” sifarişçinin adını açıqlamayıb.
“Sifarişçi və sistemlərin yerləşdiriləcəyi ərazi ilə bağlı təfərrüatlar açıqlanmır”, - şirkətin bəyanatında bildirilib.
“Bloomberg”in məlumatına görə, sifarişçi Fars körfəzi regionunda yerləşən enerji şirkətlərindən biridir.
Agentlik qeyd edir ki, Trampın böyük oğullarının dəstəklədiyi startap Vaşinqtonun Tehranla hərbi qarşıdurması fonunda öz obyektlərinin təhlükəsizliyini gücləndirməyə çalışan özəl şirkətlər arasında antidron sistemlərinə artan tələbatdan yararlanıb.