BAKI, 21 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın ən yaxın köməkçilərindən biri olan Natali Harpın Ağ Evdə bir il ərzində adi təhlükəsizlik icazəsi olmadan çalışdığı iddia edilir.
Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” MS Now telekanalının məlumatına istinadən yazıb.
Məlumata görə, Trampın icraçı köməkçisi vəzifəsini yerinə yetirən Harp naməlum səbəblərdən təhlükəsizlik yoxlaması üçün tələb olunan sənədləri təqdim etməyib. Məsələ yalnız Ağ Evin hüquq müşavirləri tərəfindən qaldırıldıqdan və Trampın prosesə müdaxilə etməsindən sonra o, federal yoxlama sənədlərini doldurub və təhlükəsizlik icazəsi alıb.
Ağ Evin keçmiş etika üzrə müşaviri Norm Ayzen vəziyyəti “şokedici” adlandırıb. Onun sözlərinə görə, ölkənin ən həssas məlumatlarına potensial çıxışı olan şəxsin uzun müddət təhlükəsizlik icazəsi olmadan çalışması milli təhlükəsizlik baxımından ciddi suallar doğurur.
Ağ Evin mətbuat katibi Karolin Livitt isə Harpın hazırda lazımi təhlükəsizlik icazəsinə malik olduğunu və Tramp komandasının “sadiq və çalışqan üzvü” olduğunu bildirib.
Məsələ ABŞ-də həm Demokratlar, həm də keçmiş Ağ Ev rəsmiləri arasında tənqidlərə səbəb olub. Ekspertlər qeyd edirlər ki, prezidentə yaxın şəxslərin səfərlər, telefon danışıqları və məxfi müşavirələr zamanı həssas məlumatlarla rastlaşması ehtimalı təhlükəsizlik icazəsini xüsusilə vacib edir.
35 yaşlı Harp Trampın yaxın çevrəsində ən sadiq köməkçilərdən biri kimi tanınır. O, prezidentin sosial şəbəkə paylaşımlarının hazırlanmasına kömək edir, müxtəlif materialları ona təqdim edir və səfərlərinin bir hissəsində Trampı müşayiət edir.