BAKI, 21 avqust. TELEQRAF

ABŞ Açıq tennis turnirinin (US Open) ümumi mükafat fondu rekord həddə – 108 milyon dollara çatdırılıb. Aparıcı tennisçilər mükafat məbləğinin artırılmasını müsbət qarşılayaraq builki turnirdə etiraz aksiyalarını davam etdirməmək qərarına gəliblər.

Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

ABŞ Tennis Assosiasiyası (USTA) turnirin mükafat fondunun 20 faiz artırıldığını açıqlayıb. Bununla da US Open-ın mükafat fondu 2024-cü illə müqayisədə 44 faiz yüksəlib.

Builki turnirdə kişi və qadınların fərdi yarışlarının qaliblərinin hər biri 5,5 milyon dollar qazanacaq. Əsas mərhələnin ilk turunda mübarizəni dayandıran tennisçilərin hər birinə isə 140 min dollar ödəniləcək. Bu, tennis tarixində əsas mərhələyə vəsiqə qazanan oyunçular üçün nəzərdə tutulan ən yüksək məbləğdir.

USTA, həmçinin tennisçilərə dəstək məqsədilə yeni proqram üçün 2 milyon dollar ayıracağını açıqlayıb. Vəsait oyunçular üçün əlavə sosial təminatların yaradılmasına və mövcud pensiya proqramlarının dəstəklənməsinə yönəldiləcək.

Bundan başqa, dörd “Böyük Dəbilqə” turnirinin birgə Oyunçuların Məsləhət Şurasını yaradacağı bildirilib. Yeni qurum tennisçilərin onları maraqlandıran qərarların qəbulunda daha birbaşa iştirakını təmin etməlidir.

Tennisçilər əldə olunan irəliləyişi müsbət qiymətləndirsələr də, gələcəkdə dörd “Böyük Dəbilqə” turnirində gəlirlərin bölüşdürülməsi üzrə vahid formulun tətbiq edilməsini tələb etməkdə davam edəcəklər.