BAKI, 21 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana hücum etməkdən başqa seçiminin olmadığını və eyni şərait yaranacağı təqdirdə bu addımı yenidən atacağını bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə WABC radiostansiyasına müsahibəsində danışıb.
“Bunu etməyimin səbəbi başqa seçimimizin olmaması idi. Mən bunu 100 dəfə də olsa, yenidən edərdim. Onların nüvə silahı ola bilməz və olmayacaq”, - ABŞ Prezidenti deyib.
Tramp bununla İrana qarşı həyata keçirilən hərbi əməliyyatların əsas məqsədinin Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq olduğunu vurğulayıb.
ABŞ lideri daha əvvəl İrana qarşı “misli görünməmiş miqyasda iqtisadi müharibə və təcrid” kampaniyasının başladığını elan edib. Vaşinqton Tehrana dəstək göstərən ölkələri də ciddi iqtisadi nəticələrlə üzləşəcəkləri barədə xəbərdar edib.