BAKI, 20 avqust. TELEQRAF
Xorvatiyanın Pula şəhər məhkəməsi Almaniyanın "Şimal Axını" və "Şimal Axını 2" qaz kəmərlərinin bombalanmasında iştirak etməkdə şübhəli bilinərək ekstradisiyasını tələb etdiyi Ukrayna vətəndaşının həbsinə qərar verib.
Teleqraf xəbər verir ki, məhkəmənin açıqlamasında deyilir: "Puladakı Regional Məhkəmə elan edir ki, hakim Avropa İttifaqının üzv dövlətləri ilə cinayət işləri üzrə məhkəmə əməkdaşlığı haqqında Qanunun 51-ci maddəsinə uyğun olaraq 20 avqustda keçirilən dinləmədə Ukrayna vətəndaşının Avropa həbs orderi əsasında Almaniya Federativ Respublikasına ekstradisiyası məqsədilə həbs olunmasına qərar verib".
Avqustun 19-da Almaniya Baş Prokurorluğu Xorvatiyada qaz boru kəmərindəki partlayışlarda iştirak etdiyi iddia edilən Ukrayna vətəndaşının həbs olunduğunu elan edib. Müstəntiqlərin sözlərinə görə, saxlanılan şəxs peşəkar dalğıcdır və Baltik dənizindəki Bornholm adası yaxınlığında boru kəmərlərinə partlayıcı maddələr yerləşdirənlər arasında olub. Saxta sənədlərdən istifadə edərək təxribatçıların bir Alman şirkətindən yelkənli yaxta icarəyə götürüb və partlayıcı maddələri Şimal Axını boru kəmərinə çatdırıb.
Baş Prokurorluq daha əvvəl Ukrayna vətəndaşı Serhiy K.-yə qarşı ittiham irəli sürmüşdü. Agentlik hesab edir ki, o və onun əlbirləri Ukrayna dövlət qurumları adından təxribat planı hazırlayıblar. İşə Hamburq Ali Regional Məhkəməsi baxacaq.
26 sentyabr 2022-ci ildə Şimal Axını boru kəmərinin üç xəttində və heç vaxt istifadəyə verilməmiş Şimal Axını 2-də partlayış törədilib.