BAKI, 21 avqust. TELEQRAF
İraq ölkənin cənubunda, Fars körfəzi sahillərində yerləşən limanlar vasitəsilə gündə 2,1 milyon barelədək neft ixrac edir.
Teleqraf xəbər verir ki, bunu İraq Neft Nazirliyinin rəsmi nümayəndəsi Səlim ər-Rikabi bildirib. Onun sözlərini “Baghdad Today” yayıb.
“Hazırda İraqın cənub limanları vasitəsilə gündə 2 milyon – 2,1 milyon barel neft ixrac edirik”, - ər-Rikabi deyib.
O əlavə edib ki, daha 150 min barel neft sutka ərzində Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanı vasitəsilə dünya bazarına çıxarılır.
Nazirlik rəsmisinin sözlərinə görə, Ceyhan limanı üzərindən ixrac həcmi davamlı artır və İraq bu istiqamətdə neft kəmərinin ötürmə qabiliyyətini sutkada 750 min barelə çatdırmağı planlaşdırır.
Ər-Rikabi bildirib ki, İraq hökuməti ölkənin ixrac imkanlarını genişləndirmək məqsədilə yeni neft kəmərlərinin tikintisi üzrə də planlar hazırlayır.