BAKI, 21 avqust. TELEQRAF
Mərkəzi Afrika Respublikasının qərbində kustar üsulla fəaliyyət göstərən qızıl mədəninin çökməsi nəticəsində 100-dən çox insan həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” yerli rəsmilər və yardım təşkilatlarının nümayəndələrinə istinadən məlumat yayıb.
Hadisə ölkənin Kamerunla sərhədinə yaxın, Babua şəhərindən təxminən 50 kilometr məsafədə yerləşən Zamboye kəndində baş verib. İlkin məlumata görə, sürüşmə nəticəsində mədənin bir neçə yeraltı tuneli çöküb və çoxsaylı insan torpaq altında qalıb.
Xilasetmə işlərində iştirak edən Qırmızı Xaç könüllüsü Gervais Qanaqoroh bildirib ki, dağıntılar altından 100-dən çox meyit çıxarılıb. Yerli mədən assosiasiyasının yüksək vəzifəli nümayəndəsi də bu rəqəmi Reuters-ə təsdiqləyib.
Hadisə yerində olan mədənçi Sedrik Mbanqo baş verənləri “fəlakət” adlandıraraq torpağın tamamilə çökdüyünü və insanların altında qaldığını deyib.
Xilasetmə qrupları həm meyitlərin çıxarılması, həm də sağ qalanların tapılması istiqamətində işləri davam etdirirlər. Ölənlər arasında Mərkəzi Afrika Respublikası və Kamerun vətəndaşlarının olduğu bildirilir.
Rəsmilər ölənlərin sayının arta biləcəyini istisna etmirlər. Hadisə zamanı mədəndə neçə nəfərin olduğu isə hələlik dəqiq məlum deyil.