BAKI, 21 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp administrasiyasının miqrasiya siyasəti çərçivəsində 20 nəfər Liberiyaya deportasiya edilib. Razılaşmaya əsasən, Qərbi Afrika ölkəsi ümumilikdə 1200-dək deportasiya olunan şəxsi qəbul edəcək.

Teleqraf xəbər verir ki, ilk 20 nəfərlik qrup avqustun 20-də Liberiyanın paytaxtı Monroviya yaxınlığındakı Roberts Beynəlxalq Hava Limanına çatıb.

Liberiyanın informasiya naziri Cerolinmek Pia bildirib ki, ölkənin qəbul edəcəyi 1200 nəfər arasında Afrika ilə yanaşı, Şimali və Cənubi Amerika, həmçinin Karib hövzəsi ölkələrinin vətəndaşları da olacaq.

Liberiyanın ədliyyə naziri Natu Osvald Tvehin sözlərinə görə, deportasiya edilənlərin əksəriyyəti ABŞ-də miqrasiya qaydalarının pozulması ilə bağlı hüquq pozuntularına yol verib. Onların istədikləri halda Liberiyada sığınacaq üçün müraciət edə biləcəkləri bildirilib.

Razılaşma çərçivəsində Vaşinqton Liberiya vətəndaşlarına verilən ABŞ ziyarətçi vizalarının müddətini 12 aydan 36 aya qədər uzatmağa razılaşıb. ABŞ, həmçinin Liberiyaya 124 milyon dollar yardım göstərməyi öhdəsinə götürüb.

“The Guardian” yazır ki, Tramp administrasiyası miqrantların öz ölkələri deyil, üçüncü dövlətlərə deportasiyası praktikasını genişləndirib. “Refugees International” və “Human Rights First” təşkilatlarının hesabatına əsasən, avqustun əvvəlinədək ABŞ administrasiyası azı 35 ölkə ilə bu istiqamətdə razılaşmalar əldə edib və təxminən 23 min nəfəri 26 ölkəyə göndərib.

Liberiya ilə razılaşma isə bu siyasət çərçivəsində indiyədək əldə edilmiş ən böyük razılaşmalardan biri hesab olunur.