BAKI, 21 avqust. TELEQRAF

ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarında iştirak edən “USS Abraham Lincoln” aviadaşıyıcısı Yaxın Şərqdən Kaliforniyadakı bazasına qayıtmağa başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, aviadaşıyıcı geri dönüş marşrutuna çıxsa da, hələlik ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasını tərk etməyib. Bu zona Yaxın Şərq, Mərkəzi Asiya və Şərqi Afrikanı əhatə edir.

“The New York Times” isə “Abraham Lincoln” və göyərtəsindəki təxminən 5 min hərbçinin artıq doqquz aydır döyüş növbətçiliyində olduğunu yazıb.

ABŞ Prezidenti Donald Tramp avqustun 14-də aviadaşıyıcının qüvvələrin planlı rotasiyası çərçivəsində Yaxın Şərqdən geri qaytarılacağını təsdiqləyib. O, gəminin missiyasının həddindən artıq uzanması ilə bağlı iddiaları rədd edib.

Avqustun 20-də CENTCOM “Abraham Lincoln”u əvəz etmək üçün “USS George Washington” aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə qrupunun Yaxın Şərqə çatdığını açıqlayıb.

Daha əvvəl “Military Times” “Abraham Lincoln”un göyərtəsində bir neçə hərbçinin intihara cəhd etdiyini bildirmişdi. Nəşr heyət üzvləri arasında emosional gərginliyin səbəbləri sırasında həddindən artıq iş yükü, yorğunluq və psixoloji tükənməni göstərmişdi.