BAKI, 21 avqust. TELEQRAF

“Qızıl top” mükafatının sahibi, Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo İtaliyanın “Ravenna” klubunun yeni oyunçusu kimi təqdim edilib.

Teleqraf xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Təqdimat mərasimi Ravenna şəhərində keçirilib. 46 yaşlı braziliyalı səhnəyə üzərində adı və 10 nömrəsi yazılmış “Ravenna” forması ilə çıxıb.

“Burada dostlarımla birlikdə olmaqdan çox xoşbəxtəm. Yaxşı işlər görə biləcək komandamız var. Oynayıb-oynamayacağımı bilmirəm, bunu yalnız baş məşqçi bilir. İtaliyaya qayıtmaq çox gözəldir. Komanda yoldaşlarıma qələbə qazanmaqda kömək etmək üçün buradayam”, - Ronaldinyo bildirib.

Braziliyalı ulduz fiziki formasının yaxşı olduğunu da vurğulayıb:

“Gördüyünüz kimi, yaxşı formadayam və özümü yaxşı hiss edirəm. Karyeramda 300-cü qolumu vura bilsəm, bu, daha da gözəl olar”.

Ronaldinyo iyunda “Ravenna” ilə müqavilə imzalayıb. O, eyni zamanda klubun investorlarından biridir. Müqavilənin detalları açıqlanmayıb.

Ronaldinyo peşəkar futbolçu karyerasını 2015-ci ildə “Fluminense”dən ayrıldıqdan sonra başa vurmuşdu. O, karyerası ərzində “Barselona”, “Milan”, PSJ, “Flamenqo”, “Atletiko Mineyro” və “Qremio” kimi klublarda çıxış edib.

Braziliya millisinin heyətində 2002-ci ildə dünya çempionu olan Ronaldinyo 2005-ci ildə “France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatına layiq görülüb.

“Ravenna” hazırda İtaliya futbolunun üçüncü pilləsində mübarizə aparır.