“Vardanyanın başından yekə iddialarının yaxın perspektivdə ciddi mənfi fəsadları olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert Ermənistan hakimiyyəti ilə separatçı Ruben Vardanyan arasındakı gərginliyə diqqət çəkib:
“Paşinyanın Vardanyanı müdafiə etməməsi və dolayı yolla onu Qarabağda aranı qatmaqda ittiham eləməsi göstərir ki, Ermənistan baş naziri Kremlin Xankəndidəki əlaltısını qəbul etmir. Paşinyan Azərbaycanla yeni müharibədə maraqlı deyil, çünki Ermənistanın bunun üçün lazımi resursları yoxdur. Bilir ki, belə bir savaşın həm onun özü, həm də ölkəsi üçün ciddi, ağır nəticələri ola bilər. Buna görə də Vardanyanı aranı qızışdırmaqdan çəkinməyə çağırır. Paşinyanın Qarabağ məsələsində ehtiyatlı olması da bunu göstərir.
Ermənistanın spikeri Simonyan Laçın yolunda baş verənlərlə bağlı deyib ki, İrəvan bu məsələyə qarışa bilməz. Əgər Ermənistan baş nazirinin mövqeyi budursa, onda Azərbaycanla sülh müqaviləsini də imzalamalıdır. Əsas məsələ ərazi bütövlüyümüzün tanınmasıdır ki, Paşinyan bunu ehtiva edən sənədə Praqda imza atıb. Bununla belə, Paşinyan Qarabağ məsələsinin sülh müqaviləsinə daxil edilməsinə nail olmağa çalışır. Təbii ki, Azərbaycan buna gedə bilməz. Bu məsələ Azərbaycan üçün bitib.

Ermənistan müxalifəti isə “Madrid prinsipləri” və digər keçmiş variantları qabardır. Artıq keçmiş Minsk qrupunun ortaya atdığı bu sənədlər tarix olub. “Madrid prinsipləri”ndə yer alan “status” məsələsinə müharibədən əvvəl baxılırdı, bu günün reallığında isə bu məsələyə yer yoxdur. Məsələ sülh yolu ilə həll olunsaydı, o zaman bu haqda danışmaq olardı. Biz məsələni savaşla həll etdik”.
Məhəmməd Əsədullazadə hesab edir ki, Moskvadan Xankəndiyə göndərilən Vardanyanın orada qalması hər gün ermənilərin əleyhinə işləyir:
“Özü də bunun fərqindədir, amma Rusiyanın təsirindən çıxa bilmir. Xankəndiyə “xüsusi missiya” ilə göndərilən Vardanyan nə Ermənistan, nə də Qarabağdakı erməni icması tərəfindən qəbul edilir.
Azərbaycan humanitar keçidlər istisna, Laçın yolunu bağlamaqla Vardanyanın vasitəsi ilə cəhd edilən separatçı planların qarşısını alıb. Vardanyanın başından yekə iddialarının isə yaxın perspektivdə ciddi mənfi fəsadları olacaq. Prezident İlham Əliyev bu istiqamətdə siyasəti regionda sülhün əldə edilməsinə və sabitliyin bərqərarına əsaslanır”.