“Bölgədə bir sıra məsələlər ermənilər üçün tam aydın deyil. Məhz bu səbəbdəndir ki, onlar gözləyirlər ki, Rusiya tam zəifləsin. Buna görə də, indi ehtiyatla yeni ağa axtarışındadırlar. Lakin Rusiya tam çökmədiyinə görə, ermənilər açıq fəaliyyətə geçə bilmir, həm nala, həm də mıxa vururlar. Bu da onların çaş-baş vəziyyətdə olduqlarını göstərir. Eyni zamanda sülh istiqamətində addımlar atmaqdan qorxurlar, çünki belə addımlar atılsa, onlar hansısa radikal reaksiyalar gözləyirlər. Xüsusilə, həyatlarına təhlükələri açıq-aydın görürlər. Ona görə də danışıqlardan gah qaçırlar, gah da müxtəlif bəhanələrlə proseslərin inkişaf etməsinə imkan vermirlər”.
Bunu Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının perspektivini şərh edərkən deyib.
Milli Məclisin üzvü bildirib ki, əksər ölkələr kimi Ermənistan da indi Rusiya-Ukrayna müharibəsini izləyir və onun nəticələrini gözləyir.

Asim Mollazadə qeyd edir ki, hər şey Ukrayna savaşından asılıdır: “Hazırda Ukrayna xalqı öz müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhramancasına savaşır, müqavimət göstərir, iradə nümayiş etdirir. Ukraynaya ciddi dəstək olacaqsa, bu ölkə öz müstəqilliyini qoruya, ərazi bütövlüyünü təmin edə bilər”.
Partiya sədri əlavə edir ki, belə bir variantda Rusiyada müəyyən qədər zəifləyəcək: “Rusiyada açıq qərarlar veriblər ki, ordunu 2 milyona yaxın artırsınlar, mobilizasiya gedir və s. Bu da istər-istəməz ölkə daxilində stabiliyyi poza bilən prosesdir. Çünki insanlar müharibəyə getmək, ölmək istəmir. Sosial vəziyyətdə əvvəlki kimi deyil”.