Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Amerikanın səsi” radiosuna müsahibəsində ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşündən danışıb.
Teleqraf.com xəbər verir ki, Qriqoryan Sallivanın görüşdə ABŞ-ın Cənubi Qafqazda sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqlədiyini bildirib.
“Sallivan Ermənistan-Azərbaycan münasibətlərində davam edən gərginlikdən narahatlığını dilə gətirdi”, - Qriqoryan söyləyib.
Onun sözlərinə görə, ABŞ regionda dayanıqlı əməkdaşlıq və nəqliyyat xətlərinin blokadadan çıxarılmasında maraqlıdır.
Qriqoryan “Dağlıq Qarabağın statusu” ilə bağlı suala da cavab verib, daha doğrusu, buna konkret cavab verməkdən yayınıb. O, suala cavabını ümumi fikirlərlə yekunlaşdırıb: “Ermənistan hakimiyyəti ATƏT-in Minsk qrupu çərçivəsində uzunmüddətli həlli yollarının müzakirəsinə başlamağı vacib hesab edir”.
Jurnalist Qriqoryana belə bir sual da ünvanlayıb:
“Sizcə, Minsk qrupunun gündəliyindəki eyni prinsiplər, o cümlədən ərazi bütövlüyü və milli müqəddəratı təyinetmə hüququ kimi bir-birinə zidd iki prinsipr qalsa, problemin həllini tapmaq olarmı?”
Qriqoryanın bu suala da konkret cavabı olmayıb: “Siyasi iradə varsa, onu da tapmaq olar”.