BAKI, 23 avqust. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev növbəti prezident seçkisində iştirak edib-etməyəcəyi ilə bağlı müzakirələrin hələ tez olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Tokayev jurnalistlərin növbəti prezident seçkisində iştirak edib-etməyəcəyi ilə bağlı sualını cavablandırarkən bildirib ki, Konstitusiya Məhkəməsinin qərarına əsasən onun yenidən prezident seçilmək hüququ var.

“Konstitusiya Məhkəməsi belə bir qərar qəbul edib. Bu qərar qanunidir və mənim yenidən seçilmək hüququm var. Lakin qarşıdakı seçki ilə bağlı, seçkidə iştirak edib-etməyəcəyim və bunun hansı ildə baş verəcəyi barədə danışmaq hələ tezdir. Qarşımızda ölkə üçün çoxsaylı vəzifələr var”, - Tokayev deyib.

Prezident qeyd edib ki, qarşıdakı dövrdə əsas diqqət ölkədə, xüsusilə vətəndaşlar üçün sosial obyektlərin tikintisinə yönəldilməlidir.

Tokayev bildirib ki, 2027-ci ildə prezident seçkisində iştirak etmək niyyəti ilə bağlı daha konkret açıqlama verə bilər.

“Gəlin, bir daha görüşək. Ola bilsin, gələn il sizə bu barədə daha konkret cavab verim”, - o bildirib.

Qeyd edək ki, bu il qəbul edilən yeni Konstitusiyadan sonra Qazaxıstan Konstitusiya Məhkəməsi Tokayevin yenidən seçilməsinin onun ilk prezidentlik müddəti hesab olunacağına qərar verib. Bununla da hazırkı dövlət başçısının növbəti prezident seçkisində iştirak etmək hüququ təsdiqlənib.

Tokayev 2019-cu ildə Nursultan Nazarbayevin istefasından sonra prezident seçilib. O, 2022-ci ildə keçirilən növbədənkənar seçkidə yenidən prezident seçilib.

Tokayevin hazırkı səlahiyyət müddəti 2029-cu ildə başa çatır. O, daha əvvəl 2029-cu ildə prezident seçkisinin keçiriləcəyini açıqlayıb.