BAKI, 23 avqust. TELEQRAF

Dövlət ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri və digər profillər üzrə direktor müavini vəzifələrinə işə qəbul prosesinin elektron sənəd qəbulu mərhələsinə start verilir.

Teleqraf xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi MÜTDA məlumat yayıb.

Bildirilib ki, elektron qeydiyyat avqustun 24-ü saat 15:00-dan başlayaraq avqustun 27-si saat 15:00-dək davam edəcək. Namizədlər müvafiq keçid (miq.edu.az/muavin) vasitəsilə müraciət edə bilərlər.

Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olacaq. Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumat və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müsabiqənin müsahibə mərhələsinə buraxılacaqlar. Namizədlər müsahibə mərhələsinə qaydalara uyğun olaraq ardıcıllıq əsasında dəvət ediləcəklər.

Müsahibə zamanı namizədlərin liderlik, strateji idarəetmə, pedaqoji və tədris, təşkilatçılıq, ünsiyyət, problemlərin həlli, rəqəmsal, eləcə də sosial və emosional bacarıqları qiymətləndiriləcək.

Müsabiqədən müvəffəqiyyətlə keçən şəxslərlə əmək münasibətləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdiriləcək.