BAKI, 23 avqust. TELEQRAF

Belarusda “Priska” siklonunun gətirdiyi güclü külək nəticəsində 659 yaşayış məntəqəsində elektrik enerjisinin verilişi kəsilib.

Teleqraf xəbər verir ki, bu barədə Belarusun Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, saniyədə 27 metrədək sürətlə əsən külək ölkənin bir sıra regionlarında elektrik təchizatında fasilələrə səbəb olub. Elektrik xətlərinə əsasən ağac və budaqların aşması nəticəsində ziyan dəyib.

Siklon səbəbindən 1 876 transformator yarımstansiyası, 179 ədəd 10 kilovoltluq, 12 ədəd 35 kilovoltluq və 7 ədəd 110 kilovoltluq elektrik xətti fəaliyyətini dayandırıb.

Elektrik təchizatındakı problemlər 31 fermaya və 16 qazanxanaya da təsir edib.

Ən mürəkkəb vəziyyət Minsk, Vitebsk və Qrodno vilayətlərində müşahidə olunur. Hazırda elektrik enerjisinin bərpası istiqamətində işlər aparılır.