BAKI, 23 avqust. TELEQRAF

Tayvanın cənubundakı Tainan şəhərində tullantıların saxlanıldığı ərazidə yanğın və ardınca partlayış baş verib.

Teleqraf xəbər verir ki, bu barədə “Taipei Times” şəhərin yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.

Hadisə avqustun 23-nə keçən gecə Tainan şəhərinin Annan rayonunda baş verib. Yanğınsöndürənlər tullantı yığınının alışaraq partladığı barədə məlumat alıblar.

“Taiwan Plus”un məlumatına görə, ərazidə sənaye istehsalından yaranan tullantılar, o cümlədən maşın yağı saxlanılıb.

Yanğının söndürülməsinə 144 nəfər və 53 yanğınsöndürən maşını cəlb edilib. Alov bir neçə saat sonra tamamilə söndürülüb.

Şəhər yanğınsöndürmə xidmətinin məlumatına görə, yaralananlardan 13-ü sakin, ikisi isə yanğınsöndürəndir. Onların heç birinin xəsarətləri ağır deyil.