BAKI, 23 avqust. TELEQRAF

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Özbəkneftqaz" Səhmdar Cəmiyyəti arasında Özbəkistanda müasir avtomobil yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsinin inkişafına dair əməkdaşlıq sazişi imzalanıb.

Teleqraf xəbər verir ki, bu barədə “Özbəkneftqaz”ın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sənəd iki şirkət arasında yanacaq infrastrukturunun inkişafı sahəsində əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir.

Razılaşmaya əsasən, Özbəkistan ərazisində müasir YDM şəbəkəsinin yaradılması imkanlarının birgə araşdırılması və qiymətləndirilməsi nəzərdə tutulub. Bununla yanaşı, perspektivli ərazilər və obyektlər müəyyənləşdiriləcək.

Tərəflər layihələrin həyata keçirilməsi üçün səmərəli biznes modellərinin və praktiki mexanizmlərin hazırlanmasını da planlaşdırır.

Əməkdaşlıq çərçivəsində tərəflər qarşılıqlı faydalı əlaqələri genişləndirmək, qabaqcıl təcrübə və müasir yanaşmaları tətbiq etmək, həmçinin Özbəkistanda yanacaq infrastrukturunun inkişafı üzrə yeni imkanları araşdırmaq niyyətindədirlər.

Qeyd edək ki, əməkdaşlıq sazişi Özbəkistan-Azərbaycan IV Regionlararası Forumu çərçivəsində imzalanıb.