BAKI, 23 avqust. TELEQRAF
Qazaxıstanda yeni birpalatalı parlamentə (Qurultay) keçirilən seçkilər ölkədə genişmiqyaslı işlərin başlanğıcı olacaq.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev səsvermə hüququndan istifadə etdikdən sonra jurnalistlərə açıqlama verib.
"Bu gün ölkəmiz üçün həqiqətən tarixi bir gündür. İlk dəfə birpalatalı Qurultaya seçkilər keçiririk. Tək bir millət kimi birləşərək miqyaslı islahatlar aparırıq. Bu seçkilər qarşıda duran böyük işlərin yalnız başlanğıcıdır", — deyə Q.Tokayev vurğulayıb.
Xatırladaq ki, iyulun 1-də Qazaxıstanda iki̇palatalı parlamentdən birpalatalı Qurultaya keçidi nəzərdə tutan yeni Konstitusiya qüvvəyə minib. Yeni qanunvericilik orqanı olan Qurultayda 145 deputat təmsil olunacaq. Onlar yalnız partiya siyahıları üzrə 5 il müddətinə seçiləcəklər.