BAKI, 23 avqust. TELEQRAF
Ukrayna avqustun 24-də müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir.
Teleqraf xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Ukrayna Müstəqillik Günü münasibətilə müəllif yazısında bildirib.
O qeyd edib ki, 35 il ərzində Ukrayna dövlət quruculuğu, demokratik institutların möhkəmləndirilməsi, iqtisadi inkişaf, milli kimliyin təsdiqi və Avropanın siyasi-sivilizasiya məkanına qayıdış istiqamətində mürəkkəb yol keçib:
“2014-cü ildən, xüsusilə 2022-ci ilin fevralında Rusiyanın genişmiqyaslı işğalının başlamasından sonra Ukrayna təkcə öz torpağını deyil, hər bir xalqın öz gələcəyini müstəqil seçmək və kənardan diktə olmadan yaşamaq hüququnu müdafiə edir”.
Y.Qusev vurğulayıb ki, Ukrayna üçün sülh müvəqqəti fasilə deyil, ədalətli və davamlı olmalı, etibarlı təhlükəsizlik zəmanətləri ilə təmin edilməlidir.
O əlavə edib ki, Ukraynanın əsas strateji prioritetlərindən biri Avropa gələcəyidir və Avropa İttifaqına üzvlük yolu əsas milli layihələrdən biri olaraq qalır.
Diplomat bildirib ki, Ukrayna müstəqilliyinin 36-cı ilinə gələcəyə inamla baxan güclü, cəsur və sarsılmaz dövlət kimi qədəm qoyur:
“Ukraynanın müstəqilliyinin 35-ci ildönümü mübarək! Yaşasın Ukrayna! Yaşasın Azərbaycan”.