BAKI, 20 oktyabr. TELEQRAF

Elektron ticarət çərçivəsində malların, işlərin və xidmətlərin dəyərinin nağdsız ödənilməsi ilə bağlı müddəaların dəyişdirilməsi təklif olunur.

Teleqraf xəbər verir ki bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gündəliyə daxil edilib.

Qanun layihəsində qüvvədə olan redaksiyada yer alan, satıcının elektron ticarət çərçivəsində təqdim etdiyi malların, işlərin və xidmətlərin dəyərinin internet vasitəsilə ödənilməsinə imkan verən ödəniş proqramı təminatçısı ilə müqavilə bağlamasını nəzərdə tutan müddəanın yeni redaksiyada verilməsi planlaşdırılır.

Beləliklə elektron ticarət çərçivəsində malların, işlərin və xidmətlərin dəyərinin nağdsız ödənilməsi ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçiriləcək.

Dəyişikliklə ödənişlərin təşkili ilə bağlı qanunvericilik müddəalarının təkmilləşdirilməsi və elektron ticarətdə istifadə olunan ödəniş mexanizmlərinin hüquqi tənzimlənməsinin yenilənməsi nəzərdə tutulur.