BAKI, 26 may. TELEQRAF

"Sənədin məzmunundan da göründüyü kimi, hesabat yüksək və peşəkar səviyyədə hazırlanıb. Hesabatda xüsusilə qızların təhsili, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum qalmış uşaqlarla bağlı məsələlərə geniş yer verilməsi çox təqdirəlayiqdir".

Teleqraf xəbər verir ki, bunu Ailə, qadın və uşaq məsələləri komitəsinin 2025-ci il üzrə məlumatına münasibət bildirən deputat Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, sənədlərdə qeyd olunduğu kimi, qadınların qeyri-hökumət təşkilatlarında, Həmkarlar Komitələrində və digər sahələrdə təmsilçiliyinin artması bu baxımdan xüsusi əhəmiyyətə malikdir:

“Geniş və dərin məzmunlu hesabata görə hörmətli bahar xanımı və Dövlət Komitəsinin əməkdaşlarını təbrik edirəm.
Qürurla onu qeyd etmək lazımdır. Şərqdə qadına seçmək-və seçilmək hüququ verən ilk ölkə Azərbaycan olub. Azərbaycan qadını böyük inkişaf yolu keçib. Bu gün Azərbaycan qadını Azərbaycan kişisi ilə birlikdə dövlətçiliyimizə mühüm töhfələr verməyə qürurla davam edir. Burada Mehriban xanım Əliyevanın rolunu və əməyini də xüsusi qeyd etməyə ehtiyac var. Bütün bunlar Azərbaycan xalqının əldə etdiyi ən böyük tarixi nailiyyətlərdən biridir.
Bu gün qarşıda duran ən mühüm vəzifələrdən biri də dünyada dəyərlərin transformasiyanın baş dediyi dövrdə bu tarixi ənənənin qorunmasıdır”.

Deputat bildirib ki, bu yalnız Dövlət Komitəsinin işi deyil: “Dövlət Komitəsi üzərinə düşən vəzifələri yerinə yetirmək üçün ciddi səylə çalışır. Komitənin fəaliyyətini yüksək qiymətləndirirəm. Qadın sığınacaqlarının sayının artırılması isitqamətində addımların atılmasına ehtiyac var. Bu məsələnin aktuallığı getdikcə daha da artır. Selektiv abortların qarşısının alınması istiqamətində addımların atılması. Düşünürəm gender bərabərliyinin pozulduğu sahələrdən biri də bu sahədir.

Bu həm də Azərbaycan xalqının genefonduna ciddi ziyan verən bir məsələdir. Qohum nikahlarına nəzarətin daha gücləndirilməsi. Yaxşı bir qanun qəbul etdik. Ancaq bu sahəyə müvafiq qurumlar tərəfindən nəzarətin daha da gücləndirilməsinə ehtiyac var. Erkən nikah məsələsi. Bu istiqamətdə bir sıra mühüm işlər görülsə də məsələ aktual olaraq qalır. Qızların təhsildən yayındırılması. Təəssüf ki dini əsası olmasa da bu bəzən dini etiqadla əlaqələndirilir. Boşanmaların sayının sürətlə artması, gənclərin ailə qurmaq istəməməsi məsələsi. Bu da çox ciddi narahatlıq doğurur. Düşünürəm bütün bu məsələlər nəzərə alınaraq yeni dövlət proqramının qəbulunu nəzərdən keçirə bilərik”.