BAKI, 7 sentyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibənin dayandırılması üzrə danışıqlarda məzmunlu kompromislərə hazır olduğunu nümayiş etdirmir. Kreml sahibi hələ də maksimalist məqsədlərinə hərbi yolla nail olacağına ümid etsə də, bu, real vəziyyət barədə təhrif olunmuş məlumatlara əsaslanır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
ISW bu qənaətə ABŞ prezidentinin nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerin Moskvaya səfərindən sonra səsləndirilən bəyanatları təhlil etdikdən sonra gəlib. Söhbət faktiki olaraq Putinin 2024-cü ilin iyununda irəli sürdüyü maksimalist tələbləri hələ də gündəmdə saxlamasından gedir. Bunlara Ukrayna qoşunlarının Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərindən, o cümlədən Rusiyanın nəzarət etmədiyi digər ərazilərdən tamamilə çıxarılması, Ukraynanın “demilitarizasiyası” və “denasifikasiyası” və NATO-ya üzvlükdən imtina etməsi daxildir.
Analitiklərin sözlərinə görə, ABŞ nümayəndə heyəti ilə görüşdən sonra Putinin köməkçisi Yuri Uşakovun verdiyi açıqlama Kremlin maksimalist tələbləri ilə bağlı kompromisə getmək istəmədiyini göstərir.
Ekspertlərin fikrincə, Putin öz tələblərini irəli sürərkən Rusiyanın döyüş meydanında üstünlüyə malik olduğunu düşünür, amma onun təsəvvürü təhrif olunmuş ola bilər.
Kreml sahibi Uitkoff və Kuşnerə cəbhə xətti boyunca Rusiyanın “ciddi uğurlar”ı barədə danışıb. Amma ISW hesab edir ki, bu, reallığa uyğun gəlməyən şişirdilmiş iddiadır.
“Putin və Kuşnerin Moskvaya səfərindən əvvəl Kremlə yaxın mənbə bildirib ki, Rusiya qoşunları Donetsk vilayətinin qalan hissəsini ələ keçirənə qədər sülh sazişi olmayacaq. Həmin mənbə qeyd edib ki, Putin Rusiya qoşunlarının 2026-cı ilin sonunadək bütün Donetsk vilayətini ələ keçirə biləcəyinə əmindir. Bu tarix Kreml tərəfindən həmin məqsədə nail olmaq üçün müəyyən edilmiş son müddətdir”, - məqalədə deyilib.
Analitiklər hesab edirlər ki, Rusiya hərbçiləri cəbhədəki vəziyyət barədə Vladimir Putinə yanlış məlumat verə bilərlər:
“Rusiya komandirlərinin müxtəlif səviyyələrdə yalan danışması və məlumatları təhrif etməsi, çox güman ki, Putinin Rusiya qoşunlarının ilin sonunadək Donetskdə qarşıya qoyulan məqsədlərə nail ola biləcəyinə dair inamını daha da gücləndirir. Buna görə də o, məqsədləri ilə bağlı heç bir kompromisə getməyə ehtiyac olmadığını düşünür”.
Bununla belə, ABŞ institutu qeyd edib ki, Rusiya reallıqda döyüş meydanında qarşıya qoyduğu məqsədlərə nail ola bilmir, xüsusilə də, onun əsas prioritetlərindən biri olan Donetsk vilayətinin qalan hissəsini 2026-cı ilin sonunadək ələ keçirmək istiqamətində. Analitiklərin hesablamalarına görə, 2022-ci ilin fevralından etibarən Putin Donetsk vilayətinin ələ keçirilməsi üçün ən azı 15 fərqli müddət müəyyən edib.