BAKI, 7 sentyabr. TELEQRAF
“Ötən il 3 mindən çox iştirakçını bir araya gətirdik, 30-dan çox mövzunu əhatə edən 46-dan artıq sessiya keçirdik. Bu il isə məqsədlərimizi daha da genişləndiririk”.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisinin deputatı Nigar Arpadarai BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) konfransındakı çıxışında deyib.
O vurğulayıb ki, innovasiya və regional əməkdaşlıq vasitəsilə yaşıl enerji keçidini necə sürətləndiriləcəyi müzakirə olunacaq: "Növbəti beş gün ərzində bu zalda və şəhərimizdə mühüm müzakirələr aparılacaq. Metanın azaldılması məsələsinə onun aşkarlanmasından real fəaliyyətə nəzər salacağıq.
Karbon bazarları və sərhədlərarası bərpa olunan enerji sertifikatları vasitəsilə iqlim maliyyələşməsini necə səfərbər edə biləcəyimizi araşdıracağıq.
Xəzər dənizindən tutmuş su ehtiyatlarımızın necə qorunacağını müzakirə edəcəyik.
Ümumdünya Şəhər Forumundan COP31-ə qədər şəhərlərimizin gələcəyindən danışacağıq. Həmçinin bu hərəkatı irəli aparacaq səsləri – gənclərimizi dinləyəcəyik. Onlar öz forumlarını keçirəcək və ən əsası, diqqəti yalnız öhdəliklərə deyil, onların həyata keçirilməsinə yönəldəcəklər”,- o vurğulayıb.