BAKI, 7 sentyabr. TELEQRAF

"Gürcüstan, Zəngəzur dəhlizi və Azərbaycanın Naxçıvan regionu vasitəsilə Türkiyə və Avropaya doğru yeni yaşıl enerji dəhlizlərinin inkişaf etdirilməsi istiqamətində konkret addımlar atılır".

Teleqraf xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) konfransındakı çıxışında deyib.

O qeyd edib ki, hazırda təxminən 8 qiqavat gücündə günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi ilə yanaşı, elektrik şəbəkələri gücləndirilir, enerji saxlanc sistemləri tətbiq olunur, sistemin çevikliyi artırılır və yeni qarşılıqlı enerji bağlantıları yaradılır.

“Bu günədək 74 ölkə Qlobal Enerji Saxlanması və Şəbəkələr üzrə Öhdəliyə, 70 ölkə Hidrogen Bəyannaməsinə, 64 ölkə isə Yaşıl Enerji üzrə Öhdəliyə qoşulub.

Yaratdığımız şaxələndirilmiş enerji bağlantıları Azərbaycanın hüdudlarından kənarda geniş coğrafiyada regionlararası enerji təhlükəsizliyinin gücləndirilməsinə və emissiyaların azaldılmasına töhfə verəcək.

Qardaş Türkiyənin ev sahibliyi edəcəyi, təmiz enerjiyə keçid və elektrikləşmənin əsas prioritetlər sırasında olduğu COP31-ə doğru irəliləyərkən Azərbaycan COP29-un irsinə əsaslanmağa davam edəcək. Ölkəmiz enerji keçidi gündəliyinin konkret layihələrə, regional bağlantılara və real emissiya azalmalarına çevrilməsinə töhfə verəcək”, - deyə nazir əlavə edib.