BAKI, 7 sentyabr. TELEQRAF
Təmiz enerjiyə investisiyalar hazırda ildə 2 trilyon ABŞ dollarını ötür. Bərpa olunan enerji mənbələri dünyanın əsas elektrik enerjisi mənbəyi kimi kömürü geridə qoyub.
Teleqraf xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil Bakıda keçirilən UNFCCC-nin Dördüncü İqlim Həftəsi (CW4) konfransına video-müraciətində deyib.
“İqtisadiyyatlarda iqlim fəaliyyətinin faydaları getdikcə daha aydın görünür: daha təhlükəsiz enerji, daha təmiz hava, yeni iş yerləri, daha sağlam insanlar və daha yüksək dayanıqlılıq.
COP30-da bütün ölkələr qəti mövqe nümayiş etdirərək vahid səslə bildirdilər: keçid geri dönməzdir, Paris Sazişi işləyir və biz birlikdə bu prosesi daha da irəli aparacaq və sürətləndirəcəyik”, - deyə o qeyd edib.
S.Til əlavə edib ki, Bakıdan Beləmə və ondan sonrakı mərhələyə qədər bu öhdəliyi konkret fəaliyyətə çevrilməlidir:
“Fəaliyyət gündəliyi hökumətləri biznes, maliyyə sektoru, şəhərlər və vətəndaş cəmiyyəti ilə bir araya gətirərək real iqtisadiyyatda dəyişiklikləri sürətləndirə bilər. Bu, elektrikləşmədən və metan emissiyalarının azaldılmasından tutmuş daha dayanıqlı şəhərlərə və ərzaq sistemlərinə qədər geniş sahələri əhatə edir.
Bakı İqlim Fəaliyyəti Həftəsi bu prioritetlərin praktiki irəliləyişə çevrilməsinə, regional liderliyi qlobal dinamika ilə əlaqələndirməyə və keçidin daha sürətli, daha ədalətli olmasını, daha çox insan üçün və daha çox məkanda daha tez fayda yaratmasını təmin etməyə kömək edə bilər”.