BAKI, 7 sentyabr. TELEQRAF
İqlim məqsədlərinin həyata keçirilməsi üçün maliyyə mənbələrinin müəyyənləşdirilməsi əsas müzakirə mövzularından biridir.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən Dördüncü İqlim Həftəsi çərçivəsində “Enerji keçidi, iqlim maliyyələşməsi və sənaye karbonsuzlaşdırılması” mövzusuna həsr olunmuş tədbirdə deyib.
O bildirib ki, maliyyə olmadan qarşıya qoyulan iqlim məqsədlərini həyata keçirmək mümkün deyil.
Y.Rəfiyev qeyd edib ki, Azərbaycan tərəfi şəffaflığın təmin edilməsi istiqamətində təşəbbüsləri dəstəkləyib və bu məsələdə tərəfləri əməkdaşlığa təşviq edib.
O vurğulayıb ki, növbəti hesabat dövrünə keçid zamanı tərəflər buna hazırlıqlı olmalıdır.
XİN rəsmisi əlavə edib ki, ölkələrin iqlim məqsədlərinə çatması üçün ortaq məsuliyyət və siyasi reallığın nəzərə alınması vacibdir:
“Qarşıda tərəflər bir-birinin mövqelərini başa düşməli, yanaşmaları yaxınlaşdırmalı və siyasi reallığı dərk etməlidirlər. Rəhbərlik dəyişə bilər, lakin kollektiv məsuliyyətimiz dəyişmir”.