BAKI, 7 sentyabr. TELEQRAF

“2030-cu ilədək Orta dəhlizdə yükdaşımaların həcmi üç dəfə arta, daşınma müddəti isə iki dəfə azala bilər”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze Batumidə keçirilən Beynəlxalq Dəniz Forumunda çıxışı zamanı deyib.

“Hazırkı şəraitdə marşrutların şaxələndirilməsinin, təchizat zəncirlərinin dayanıqlığının və Avropa ilə Asiya arasında etibarlı əlaqələrin rolu getdikcə artır. Gürcüstan əsrlər boyu Şərqlə Qərbin, Avropa ilə Asiyanın bir-biri ilə qovuşduğu məkan olub və bu gün biz böyük potensiala və strateji əhəmiyyətə malik Orta dəhlizin ayrılmaz hissəsiyik. Müvafiq investisiyalar qoyulacağı və səmərəliliyi artırılacağı təqdirdə 2030-cu ilədək Orta dəhlizdə yükdaşımaların həcmi üç dəfə arta, daşınma müddəti isə iki dəfə azala bilər.

Biz bu imkanlardan yararlanmaq üçün uzunmüddətli plan hazırlamışıq. 2032-ci ilədək əsas nəqliyyat və logistika infrastrukturunun inkişafına təxminən 7 milyard dollar cəlb etməyi planlaşdırırıq. On illik planımız dəmir yolunun ötürücülük qabiliyyətinin iki dəfə artırılmasını və yüklərin daşınma müddətinin iki dəfə azaldılmasını, limanların ötürücülük qabiliyyətinin iki dəfə və beynəlxalq hava limanlarının ötürücülük qabiliyyətinin üç dəfə artırılmasını nəzərdə tutur”, - Baş nazir bildirib.

İrakli Kobaxidze əlavə edib ki, Şərq-Qərb beynəlxalq magistralının tikintisinin artıq 75 faizi başa çatdırılıb.