BAKI, 7 sentyabr. TELEQRAF
COP31 komandası olaraq COP29 sədrliyindən çox şey öyrənmişik. Onların təcrübəsi, dostluğu və səmimi dəstəyi bizim üçün son dərəcə dəyərli olub.
Teleqraf xəbər verir ki, bunu COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu, “Zero Waste Foundation” təşkilatının sədri Samed Ağırbaş Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) konfransındakı çıxışında deyib.
“Buna görə də bu gün yeni bir yola başlamırıq, COP31-ə hamınızla birlikdə davam edirik. Başqa sözlə, Bakıdan Türkiyədə keçiriləcək COP31-ə doğru.
COP31-in Prezidenti, nazir Murat Kurumun rəhbərliyi ilə diqqət mərkəzimiz çox aydındır: öhdəliklərdən icraya keçmək və real nəticələr əldə etmək. COP31 iqlim ambisiyalarını real iqtisadiyyata daha da yaxınlaşdırmalıdır. İqlimlə bağlı öhdəlikləri investisiya və maliyyələşdirmə baxımından cəlbedici layihələrə, eləcə də genişmiqyasda tətbiq oluna bilən həllərə çevirməliyik. İqlim maliyyələşməsi bu səylər üçün mühüm əhəmiyyət daşıyacaq”, - deyə o bildirib.
Samed Ağırbaş qeyd edib ki, inkişaf etməkdə olan və formalaşmaqda olan iqtisadiyyatlar, ən az inkişaf etmiş ölkələr və mövcudluğu təhlükə altında olan kiçik ada dövlətləri üçün bu, xüsusilə vacibdir:
“Həmçinin dövlət və özəl maliyyə arasında daha güclü əməkdaşlığa ehtiyacımız var və icranın şəhərlərə, icmalara və insanların gündəlik həyatına çatmasını təmin etməliyik.
Bu, enerji keçidini sürətləndirmək, iqlim maliyyəsini səfərbər etmək, hökumətləri, biznesi, investorları, şəhərləri və vətəndaş cəmiyyətini praktiki həllər ətrafında bir araya gətirmək deməkdir”.