BAKI, 7 sentyabr. TELEQRAF
“Biz elə bir dövrdə görüşürük ki, enerji, təhlükəsizlik, iqtisadi dayanıqlılıq və iqlim fəaliyyəti arasındakı əlaqə heç vaxt olmadığı qədər aydın görünür”.
Teleqraf xəbər verir ki, bu fikirləri Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Francesco La Camera “Bakı İqlim Həftəsi 2026" da çıxışı zamanı bildirib.
O qeyd edib ki, enerji keçidi yalnız bərpa olunan enerji güclərinin artırılması demək deyil, söhbət daha dayanıqlı, çevik və təhlükəsiz enerji sistemlərinin qurulmasından gedir.
“Bunun üçün elektrik şəbəkələrinə, enerji saxlancına, rəqəmsallaşmaya və sistem çevikliyinə investisiyalar lazımdır.Şəbəkələrdən və enerji dəhlizlərindən, enerji saxlancından danışarkən COP29-da verilmiş öhdəliyi də xatırlaya bilərik.
Bu onillikdə quracağımız enerji sistemləri gələcək onilliklər ərzində iqlim nəticələrimizi, iqtisadi rəqabət qabiliyyətimizi və strateji dayanıqlılığımızı formalaşdıracaq. Bu transformasiya isə artıq başlayıb.
Bərpa olunan enerjiyə keçid nəinki sürətlənir, həm də enerji sistemlərinin təhlükəsizliyini və dayanıqlılığını getdikcə daha çox gücləndirir.
2025-ci ildə dünyada rekord həcmdə – 692 qiqavat bərpa olunan enerji gücü yaradılıb. İlin sonuna olan məlumata görə, bərpa olunan enerji qlobal quraşdırılmış elektrik enerjisi gücünün 49 faizini, yeni əlavə olunan güclərin isə 85 faizini təşkil edib.
Bu da bərpa olunan enerjinin yalnız yeni elektrik enerjisi istehsalının ən səmərəli mənbəyi deyil, həm də enerji təhlükəsizliyinin, iqtisadi sabitliyin və dayanıqlılığın əsas sütunlarından biri olduğunu bir daha göstərir. Hesabatın nəticələri bu gün daha ətraflı şəkildə qlobal enerji keçidi üçün elektrikləşmənin genişləndirilməsi üzrə yüksək səviyyəli dəyirmi masa zamanı müzakirə olunacaq”, - Francesco La Camera vurğulayıb.