BAKI, 7 sentyabr. TELEQRAF

“Bakının iqlim gündəliyinə verdiyi töhfə yalnız bir konfransla məhdudlaşmayıb. COP29-da 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar həcmində yeni iqlim maliyyələşməsi hədəfi qəbul edilib”.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi nazirinin müavini Fatma Varank "Bakı İqlim Həftəsi 2026"nın çıxışı zamanı deyib.

O qeyd edib ki, iyun ayında Bonnda 10 prioritet mövzudan ibarət COP31 Fəaliyyət Gündəliyi elan edilib:

“Təmiz enerjiyə keçid, sıfır tullantı, iqlimə davamlı şəhərlər, yaşıl sənayeləşmə, gənclər və təhsil, ərzaq təhlükəsizliyi, okeanlar və dənizlər, dinamik və dayanıqlı səhiyyə sistemləri, dayanıqlı enerji və iqlim üzrə icra körpüsü bu gündəliyin əsas istiqamətlərini təşkil edir. 2035-ci ilə qədər bina sektorunun enerji intensivliyini ən azı 25 faiz azaltmağı hədəfləyirik. Qlobal tullantı artımını 2035-ci ilə qədər yarıya endirməyi qarşıya məqsəd qoyuruq. Türkiyənin “Sıfır Tullantı” hərəkatından aldığımız güclə dövri iqtisadiyyatı iqlim fəaliyyətinin mərkəzinə gətirməyi hədəfləmişik. Bu həftə əldə olunacaq nəticələri və fikirləri birbaşa COP31 Fəaliyyət Gündəliyinə daxil edəcəyik".