BAKI, 26 may. TELEQRAF

Bu gün müzakirəmizə təqdim olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə illik məlumatı ölkəmizdə dövlət ailə siyasətinin formalaşdırılması, gender bərabərliyinin təmin edilməsi və uşaq hüquqlarının müdafiəsi istiqamətində ötən il reallaşdırılan islahatların mükəmməl bir yol xəritəsidir. "Gender bərabərliyinin təminatları haqqında" Qanunun 20-ci maddəsinə uyğun olaraq hazırlanan bu sənəd sadəcə bir hesabat deyil, həm də dinamik inkişafın, qanunvericilik və institusional mexanizmlərin təkmilləşdirilməsinin bariz göstəricisidir.

Teleqraf xəbər verir ki, bunu Ailə, qadın və uşaq məsələləri komitəsinin 2025-ci il üzrə məlumatına münasibət bildirən deputat Bəhruz Məhərrəmov deyib.

O qeyd edib ki, biz qanunvericilikdə qadını hələ də “arvad” adlandırırıq:

"Bilirsiniz, ola bilsin ki, nə zamansa bu, qəbulolunan ifadə olub, amma dil inkişafdadır, münasibətlərin inkişafı, təbii ki, semantikanın da transformasiyası deməkdir. Amma açıq deyək, bu gün heç bir xanım ona qeyd etdiyim bu ifadə ilə müraciət edilməsini arzulamaz. Ona görə də Ailə Məcəlləsi başda olmaqla, bütövlükdə qanunvericilikdə, o cümlədən gələcəkdə Konstitusiyada aidiyyatı dəyişikliyin aparılması yaxşı olar".