BAKI, 26 may. TELEQRAF

"Uzunmüddətli sabitliyə, ictimai harmoniya və tərəqqiyə can atan hər bir dövlət ailələrin, qadın və uşaqların hüquqlarını qorumalıdır. Bu, milli təhlükəsizlik, iqtisadi dayanıqlıq və mədəni irsin qorunması məsələsidir. Azərbaycanda dövlət qadın siyasəti, gender bərabərliyinin təmin edilməsi hər zaman prioritetdir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatı ilə bağlı parlamentin bugünkü iclasında deyib.

Onun sözlərinə görə, qadınlarımız bilirlər ki, onların arxasında güclü dövlət müdafiəsi dayanır: "Xüsusi ilə qeyd etmək istəyirəm ki, parlamentin sədri Sahibə xanımın təşəbbüsü ilə, müvafiq dövlət qurumlarının, vətəndaş cəmiyyətinin iştirakı ilə “Gender bərabərliyinin təminatları haqqında” Qanunun icrası ilə bağlı biz davamlı iclaslar, görüşlər keçiririk, müzakirələr aparırıq. Hazırda istər milli, istərsə də beynəlxalq və qlobal səviyyədə elə bir platforma yoxdur ki, orada ailə, qadın və uşaq məsələləri yer almasın. Müxtəlif beynəlxalq təşkilatların yanında Qadınlar Şurasının və ya Qadın Şəbəkəsinin yaradılması təklifi də məhz Azərbaycana məxsusdur. Bu tədbirlərin pozitiv nəticələri var".

O qeyd edib ki, elə bu gün müzakirə etdiyimiz “Gender bərabərliyinin təminatları haqqında” Qanunun həyata keçirilməsi ilə bağlı hazırlanan məlumat bunun əyani sübutudur: "291 səhifədən ibarət bu sənəddə Qanundan irəli gələrək çox detallı təhlil aparılmış, təklif və tövsiyələr hazırlanıb. Təkrara yol vermədən bəzi məsələləri qeyd etmək istərdim. Ölkədə gender bərabərliyinin təmin edilməsi ilə bağlı sahəsində müsbət dinamika var. Qərarların qəbulunda və dövlətin idarə edilməsində qadınların iştirakçılığının artması müşahidə olunur. Həm inzibati vəzifələrə təyin olunan, hüquq-mühafizə, prokurorluq orqanlarında xidmət edən, xüsusi ilə də hakim və vəkil qadınların sayı artır. Bu burada əsas məsələ qadınlarımızın ayrı-ayrı sahələrdə təkcə kəmiyyət baxımından deyil, həm də keyfiyyət baxımından inkişafına nail olmaqdır. Məlumatda qeyd olunan tədbirlər, keçirilən təlimlər və treninqlər də bunu təsdiq edir.

Sənəddə qanunvericilikdə edilmiş əlavə və dəyişikliklər də qeyd olunub. Ölkədə əmək bazarında gender bərabərsizliyinin aradan qaldırılması istiqamətində bir çox işlər görülür. Müvafiq olaraq qanunvericilik bazası təkmilləşdirilib. Məqsəd iş-ailə balansını qorumaq, işçi məmnuniyyətini artırmaq və əmək bazarında inklüziv mühit yaratmaqdır. Əmək münasibətlərində digər xüsusiyyətlərlə yanaşı, o cümlədən ailə vəzifələrinə görə birbaşa və ya dolayı ayrı-seçkiliyə yol verilməsi qəti qadağan edildi. Bu dəyişiklik, ailə məsuliyyətini şəxsi problem yox, sosial reallıq kimi qəbul edərək işçinin əmək hüquqlarını müdafiə edir. Digər mühüm dəyişiklik son illərdə ictimai müzakirələrdə diqqət mərkəzində olan və “atalıq məzuniyyəti” kimi tanınan məsələ ilə bağlı olmuşdur. Artıq övladı dünyaya gələn kişilər 14 günlük ödənişli məzuniyyət hüququna malikdirlər. Və onlarla atalar bu hüquqdan istifadə edib”.

Komit sədri bildirib ki, məlumatda bir çox yeni istiqamətlər öz əksini tapıb: "Onlardan biri də, məhkəmə qərarları çıxarılarkən müvafiq qanunlara istinad edilməsidir. 2025-ci il ərzində çıxarılmış məhkəmə qərarlarında “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna istinad edilmiş işlərin sayı 19 olub. Bu yaxşı bir nəticədir. Çünki, həmişə bu məsələni qaldırırıq ki, qəbul olunan müvafiq qanunlara istinad edilən məhkəmə qərarları haqqında məlumatlara ya az rast gəlinir, ya da heç yoxdur. Lakin təqdim edilən sənəddə bununla bağlı statistika var.

Əlbəttə ki, bu gün ölkədə məişət zorakılığının qurbanları üçün sığnacaqlar yetərli deyil. Bu istiqamətdə də işlər davam etdirilməlidir. Doğulan qız uşaqları ilə oğlan uşaqları arasında fərq əvvəlki illərə nisbətən azalıb. Cinsi nisbət hər 100 qıza 113 oğlan təşkil edir. Bioloji norma hər 100 qıza 105-107 oğlandır. Bu sahədə Komitə və digər müvafiq qurumlar maarifləndirmə işləri aparırlar. Amma bu işlər daha da gücləndirilməlidir.

Digər tərəfdən, illik məlumatda da göstərildiyi kimi, 100 min nəfər diri doğulana əgər 2020-ci ildə 15 tam onda 8 ana ölümü qeyd olunurdusa, 2025-ci ildə bu əmsal 27 tam onda 1 təşkil edib. Hər 1000 nəfər diri doğulan uşaqlar arasında 1 yaşadək ölən uşaqların isə 2020-ci ildə 9,8-2025-ci ildə isə 13,7 əmsal təşkil edib. Bu göstəricilər bir daha ana və uşaq ölümünün səbəblərini araşdırmaq məsələsini zəruri edir. Eyni zamanda, “Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” Qanunun qəbul edilməsinə də ehtiyac vardır.

Qızların təhsil alması, peşəyə yiyələnməsi, məşğulluğu üçün sosial proqramlar tətbiq etməliyik. Gender bərabərliyi mədəniyyətinin təbliğini xüsusi ilə gücləndirməliyik. Vətəndaş cəmiyyəti və Media bu sahədə daha aktiv iştirak etməlidir. Düzdür, hazırda müxtəlif televiziya kanallarında gender bərabərliyi mədəniyyətinin təbliği istiqamətində proqramlar yayımlanır. Ayrı-ayrı verlişlərdə müzakirələr aparılır. Ancaq, yaxşı olardı ki, bu sahə üzrə ixtisaslaşmış ekspertlər, hüquqşünaslar, vəkillər, sosioloq və psixoloqların iştirakı ilə verişlər hazırlansın.

Ölkədə gender bərabərliyinin təmin edilməsi bir qurumun işi deyil. Bütün qurumlarda gender üzrə məsul şəxslər var. Bu qurumlar arasında görülmüş işlər, dövlət proqramlarının yerinə yetirilməsi, eyni zamanda, həmin sahələrdə çətinliklər, təkliflərlə bağlı hesabatlılıq olmalıdır”.