"Alimentlə bağlı olan məsələləri vurğulamaq istərdim. Burada müəyyən məsələlərdə ola bilsin ki, anlaşılmazlıq olsun. Burada aliment verən tərəfin böyük əksəriyyəti azərbaycanlı olacaq. Çünki bizim həmvətənlərimiz Rusiyada, Ukraynada, Moldovada, Belarusda və digər yerlərdə nikaha giriblər, evləniblər və dünyaya uşaq gəlib. Bir neçə 10 ildən sonra köçüb vətənə qayıdıblar".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.
O qeyd edib ki, indi məhkəmə qaydasında o uşaqların saxlanılması üçün aliment tələb olunanda, bu alimenti ödəməlidirlər. Biz də gələcəkdə fikirləşirik ki, ölkəmizdə Aliment Fondu yaradaq. Belə bir fond yaransa, həmin fondun vəsaitlərinin böyük əksəriyyəti onlara gedəcək. O baxımdan mən hesab edirəm ki, burada hansısa forma düşünməliyik. Konvensiyaya qoşulmaqla biz insan hüquqlarına olan diqqətimizi göstəririk, amma eyni zamanda ölkəmizin vəsaitlərinin səmərəli xərclənməsinə nəzarət etməliyik".