BAKI, 29 aprel. TELEQRAF

Dövlət Gömrük Komitəsinin sədri xaricdən alış-veriş zamanı 300 dollar limitin artırılıb-artırılmaması məsələsinə aydınlıq gətirib.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı sədr Şahin Bağırov deyib.

O qeyd edib ki, bu məsələyə baxmaq nəzərdə tutulmur: "Bəzi ölkələrdə bu limit ya azaldılıb, ya da ləğv edilib, Azərbaycanda isə sosial məsələləri nəzərə alaraq saxlanılıb.

Komitə sədri ticarət üçün xaricdən gətirilən malların limit çərçivəsində gətirilməsi və bu limitdən sui-istifadə edilməsi məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, bəzi şəxslər xaricdən aldıqları böyük həcmdə məhsulları ya aylara bölür gətirir, ya da müxtəlif insanların adına gətirir: “Düzdür belə insanlar çox deyil, amma biz çalışırıq ki, bu məsələnin qarşısını alaq”.

Şahin Bağırov deyib ki, ölkəmizdə "Temu" ilə bağlı 300 dollar limiti mövcuddur: "Bu limitdə dəyişiklik edilməyəcək".

O bildirib ki, vətəndaşlar 1 ay ərzində bu limitdən istifadə edir: "Bizdə 1.2 milyon insan elektron ticarətlə məşğul olur. Bu 2025-ci ilin statistikasıdır. 18 milyon da gömrük bəyannaməsi olub. Elektron ticarətin həcmi artıb. Bəzən insanlar elektron ticarət mövzusunda sui-istifadə hallarına yol verir. Yəni bir adam özünün ticarət etdiyi həcmdə mal alır və hissələrə bölür, ya da müxtəlif insanların adına bölərək gətirir".