BAKI, 29 aprel. TELEQRAF

"Azərbaycan - İran yeni sərhəd keçid məntəqəsi istifadəyə veriləcək".

Teleqraf xəbər verir ki bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deyib.

O qeyd edib ki, son illərdə Azərbaycanda bir sıra gömrük keçid məntəqələrində infrastruktur imkanları daha da müasirləşir:

"Bu yaxınlarda İranla sərhəddə "Ağbənd" keçid məntəqəsi inşa olunacaq. İntensiv tikinti işləri aparılır. İşlər yaxın vaxtlarda yekunlaşacaq. Piyadaların da rahat keçidi üçün imkanlar yaradılacaq".

Şahin Bağırov bildirib ki, bəzən anbarlarda illər boyu mallar qalır və sahibsiz mallar hesab olunur: "Onu gətirən adamın nə marağı var, nə də özününkü hesab edir. Ondan imtina edir. Bunun isə hüquqi proseduru olmur. Beləliklə mallar 5-6 il sahibsiz qalır, köhnəlir, xarab olur. Nəticədə gömrük orqanlarının resursları sərf olunur, xərcləri çoxalır. Ona görə də 180 gündən sonra məhkəməyə müraciət olunur və malın aqibəti müəyyənləşir. Hansı formada qərar qəbul ediləcəksə, ona uyğun addımlar atılacaq".