BAKI, 21 yanvar. TELEQRAF
"Dini abidələrlə yanaşı ölkədə dini durumla bağlı dinləmənin keçirilməsinə də ehtiyac var. Təəssüflə qeyd etmək lazımdır ki, son illər ölkəmizdə qeyri-ənənəvi dini təriqətlərin üzvlərinin sayında artım davam edir. Bu gün Azərbaycanın dini coğrafiyasında ciddi dəyişikliklər baş verir. Bu bizə gələcəkdə ciddi problemlər yarada bilər".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib. Deputat təəssüflə qeyd edib ki, son vaxtlar ənənəvi dini dəyərləri gözdən salmağa çalışanların, dində "yeniliklər" etmək istəyənlərin sayı artmaqdadır:
"Onu da təəssüflə qeyd etmək lazımdır ki, bunu edənlər guya mövhumat və xurafatla mübarizə aparırlar görüntüsü yaratmağa çalışırlar. Ulu Öndər Heydər Əliyev deyirdi ki, dinimiz xalqımızın milli sərvətidir. Eyni zamanda, bu gün Qarabağda cənab Prezidentin rəhbərliyi ilə tarixi dini abidələr bərpa olunur, yeni ibadət yerləri inşa olunur. Bu dövlətimizin bu sahəyə yüksək diqqət və qayğısının göstəricisidir. Qeyd olunanlar nəzərə alınaraq, bu cür çağırışların qarşısının alınması məqsədilə “Dini etiqad azadlığı haqqında” qanuna bir sıra dəyişikliklərin edilməsinin nəzərdən keçirilməsini təklif edirəm. Bu cür cəhdlərin qarşısı ciddi şəkildə alınmalıdır. Yoxsa, getdikcə cəmiyyətdə bu cür “yeniliklər” etmək istəyənlərin sayı artacaq və bu da cəmiyyətdə ciddi haçalanmaya və qarşıdurmaya aparacaq".