BAKI, 11 oktyabr. TELEQRAF
“Məktəblərdə hicabla bağlı yaranmış situasiya heç bir gənc qız övladımızın dərsdən, təhsildən yayınmasına gətirib çıxarmamalıdır. Burada hansısa bir uzlaşma və qızıl orta tapılmalıdır”.
Bu sözləri Teleqraf-a açıqlamasında “Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar” İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib.
O, məsələyə bir neçə prizmadan yanaşmağın doğru olduğu qənaətindədir:
“Birinci məqam sırf milli suverenlik məsələsidir. Biz dini məsələlərdən ölkəmizə təzyiq göstərmək, cəmiyyətdə qarşıdurma yaratmaq və daxili işlərə müdaxilə etmək üçün istifadə olunmasına yol verməməliyik. İkincisi, xarici qüvvələr məsələsidir. Heç bir xarici dövlət və ya təşkilat Azərbaycandakı dini məsələlərdən siyasi təzyiq kimi manipulyasiya etməməlidir”, – deyə İlqar Hüseynli vurğulayıb.
Onun sözlərinə görə, milli maraqların müdafiəsi insan hüquqlarına hörmətlə uzlaşdırılmalı və bu məsələdə ortaq nöqtə tapılmalıdır.
İlqar Hüseynli vurğulayıb ki, dünyəvi dövlətçilik ilə dini etiqad azadlığı cəmiyyətə bir-birinə zidd anlayış kimi təqdim olunmamalıdır, əks halda xarici qüvvələr bundan istifadə edə bilərlər.
QHT sədri bildirib ki, məqsəd həm dövlətin qanuni maraqlarını, həm də vətəndaşların konstitusiya hüquqlarını qorumaq olmalıdır:
“Mən bir daha Azərbaycan cəmiyyətinə çağırış edirəm: qız uşaqlarını məktəbə göndərin, qız uşaqlarınızın dövlətin və ölkənin maraqlarının ziddinə olan hərəkətlərdə alət olmasına imkan verməyin”.