BAKI, 11 oktyabr. TELEQRAF
Hörmüz boğazında daha bir tanker hücuma məruz qalıb. Hadisə nəticəsində gəmi zədələnsə də, ekipaj üzvlərinin təhlükəsizliyi təmin olunub.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
Mərkəzin məlumatına görə, tankerin təhlükəsizliyinə cavabdeh şirkətin nümayəndəsi gəminin boğazdan çıxarkən sol bortuna naməlum mərminin dəydiyini bildirib. Nəticədə gəmi zədələnib.
Ekipaj üzvlərinin təhlükəsiz olduğu bildirilir. Ətraf mühitə mümkün zərərlə bağlı isə hələlik məlumat yoxdur. Tankerin adı və hansı limana qeydiyyatda olduğu açıqlanmayıb.
Qeyd edək ki, oktyabrın 10-da da UKMTO Hörmüz boğazında oxşar insident barədə məlumat yayıb. Həmin vaxt boğazdan çıxan tankerin sol bortuna naməlum mərmi dəymiş, bundan sonra gəmidə yanğın baş vermişdi.