BAKI, 11 oktyabr. TELEQRAF

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib ki, Vaşinqton Tehranın danışıqlara başlamaq üçün irəli sürdüyü şərtlərin bir hissəsini qəbul etsə də, cavabı yetərli deyil.

Teleqraf xəbər verir ki, Rzayi bu barədə “Press TV” telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, ABŞ İranın şərtlərinin bir qismini qəbul edib, lakin bəzi məsələlər üzrə qeyri-müəyyənlik qalır.

“Amerikalılar bizə cavab veriblər və biz bu cavabı yetərli hesab etmirik. Növbəti mərhələlərə keçmək üçün həmin qeyri-müəyyənliklərin aradan qaldırılıb-qaldırılmayacağına baxmaq lazımdır”, - deyə Rzayi bildirib.

Şura katibi qeyd edib ki, son iki ay ərzində Vaşinqton diplomatik əlaqələri bərpa etmək təklifləri ilə vasitəçilər üzərindən dəfələrlə Tehrana müraciət edib. Onun sözlərinə görə, bu təkliflər Pakistan, Qətər və İraq vasitəsilə çatdırılıb.
Rzayi bildirib ki, İran ABŞ-ə yeddi şərt təqdim edib və onların yerinə yetirilməyəcəyi halda nə Hörmüz boğazının Vaşinqton üçün açılacağını, nə də danışıqların keçiriləcəyini bəyan edib.

O, həmçinin İranın ABŞ-lə diplomatik əlaqələrə yanaşmasının dəyişdiyini və əvvəlki danışıqlar modelinə qayıtmaq niyyətində olmadığını söyləyib. Rzayinin iddiasına görə, əvvəlki üç danışıqlar raundunda ABŞ tərəfi hər dəfə prosesi yarımçıq dayandıraraq İrana hücum edib.