BAKI, 11 oktyabr. TELEQRAF

Husilərin nümayəndəsi Yəhya Səri Səudiyyə Ərəbistanının hava limanlarına mümkün hava zərbələri endiriləcəyi barədə xəbərdarlıq edib və sərnişinləri bu hava limanlarından istifadə etməməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə ərəb dilli “Khlaasa.net” saytı məlumat yayıb.

Husilərin hərbi nümayəndəsi Yəhya Səri aviaşirkətləri, naviqasiya şirkətlərini, mütəxəssisləri, işçiləri və sərnişinləri Səudiyyə Ərəbistanının hava limanlarından və hava məkanından istifadə etməməyə çağırıb.

O, xəbərdarlıqların ciddi qəbul edilməli olduğunu bildirib və Səudiyyə Ərəbistanının mümkün qarşı tədbirlərin uğursuzluğa düçar olması halında məsuliyyət daşıyacağını deyib.

Qeyd edək ki, oktyabrın 10-da Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına raket zərbələri nəticəsində 12 nəfər ölüb, 309 nəfər yaralanıb. “The Wall Street Journal”ın Səudiyyə rəsmilərinə istinadən yaydığı məlumata görə, raketlər hava limanının üçüncü və dördüncü terminallarına düşüb. Nəticədə hava limanına ciddi ziyan dəyib və damın bir hissəsi uçaraq içəridə olan insanların üzərinə düşüb.