BAKI, 11 oktyabr. TELEQRAF

“Azərbaycanda hicab və ya dini geyimə qadağa yoxdur. Universitetlərdə, iş yerlərində və ictimai məkanlarda vətəndaşların bu baxımdan heç bir məhdudiyyəti yoxdur”.

Bu sözləri Teleqraf-a açıqlamasında “Hüquqi Sosial yardım və Maarifləndirmə” İctimai Birliyinin sədri Fariz Əkbərov bildirib.

O qeyd edib ki, son günlər ölkəmizə qarşı süni panik yaratmaq və ictimai rəyi çaşdırmaq məqsədi güdən qeyri-dəqiq məlumatların və qara PR xarakterli kampaniyaların intensivləşdiyi müşahidə olunur.

“Azərbaycan dövlətinin parlaq nailiyyətlər qazanması xaricdəki bir sıra anti-Azərbaycan dairələrini ciddi şəkildə narahat edir. Bəzi xarici dairələrdən istiqamətləndirilməklə sosial şəbəkə platformalarında süni şəkildə guya hicab qadağası ilə bağlı təxribat xarakterli yanlış məlumatlar yayılmaqda davam edir. Azərbaycan Konstitusiyasının 18-ci maddəsinə əsasən, din dövlətdən ayrıdır. Dövlətin təhsil sistemi dünyəvi xarakter daşıyır. Bu prinsip təhsil prosesinin dini qaydalar əsasında deyil, ümumi hüquq normaları çərçivəsində təşkilini nəzərdə tutur”, - deyə Fariz Əkbərov vurğulayıb.

Onun sözlərinə görə, dünyəvi təhsil modeli müxtəlif dini inanclara malik olan və ya heç bir dini inancı olmayan şagirdlərin eyni təhsil mühitində birləşməsinə imkan yaradır:

“Burada əsas məqsəd hər hansı bir dini baxışa üstünlük vermək deyil, bütün şagirdlər üçün vahid təhsil standartlarını təmin etməkdir. Məktəbli forması da bu yanaşmanın tərkib hissəsidir. Vahid geyim standartı məktəb mühitində ümumi qaydaların qorunmasına, şagirdlər arasında geyim fərqlərinin ön plana çıxmamasına və təhsil prosesinin güclənməsinə xidmət edir”.

Fariz Əkbərov bildirib ki, Nazirlər Kabineti tərəfindən dövlət ümumi təhsil müəssisələrində tətbiq olunan qaydalar dini geyimlə deyil, təhsilalanlar və təhsilverənlər üçün müəyyən edilmiş vahid və ümumnümunəvi geyim forması tələbləri ilə bağlıdır: "Müəllim və şagirdlərin bu qaydalara riayət etməsi tədris prosesinin əsas şərtlərindən biridir və bu tələb xüsusi dini ifadəyə yönəlməyərək bütün təhsil iştirakçılarına eyni dərəcədə şamil olunur".

QHT sədri əlavə edib ki, Azərbaycan cəmiyyətində dini-mənəvi dəyərlər mühüm yer tutsa da, dövlət məktəblərinin fəaliyyəti Konstitusiya və qanunvericiliklə müəyyən edilmiş dünyəvilik prinsiplərinə əsaslanır: "Beləliklə, məktəbli forması ilə bağlı qərar dünyəvi təhsil prosesinin və vahid məktəb qaydalarının təmin olunması baxımından əhəmiyyət daşıyır".

Fariz Əkbərov 11 oktyabr BMT Baş Assambleyasının qərarı ilə Beynəlxalq Qızlar Günü kimi qeyd edildiyini xatırladaraq, diqqəti qızların hüquqlarının müdafiəsinə, gender bərabərliyinin təmin olunmasına və ayrı-seçkilikdən əziyyət çəkən qızlara yönəltməyin vacibliyini vurğulayıb.