BAKI, 21 yanvar. TELEQRAF

"2025-ci ilin payız sessiyası dövründə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 24 iclası keçirilərək 19 məsələyə baxılıb. Bu məsələlərdən 2-si komitənin hesabatı və iş planı olub".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arzu Nağıyev deyib.

O qeyd edib ki, komitədə 5 qanun layihəsi üç oxunuşda, 2 qanun layihəsi bir oxunuşda müzakirə edilib: “Payız zsessiyası dövründə “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” Azərbaycan Respublikası qanununun layihəsi, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilib.

Həmçinin Vergi Məcəlləsində, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “ Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Gömrük tarifi haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə ı qanun layihələrinə baxılıb.

Eyni zamanda “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (üç oxunuşda) müzakirə olunub”.

Komitə sədri bildirib ki, həmçinin “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi 4 komitənin – Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə müzakirə edilmiş və Milli Məclisdə üç oxunuşda qəbul edilib: "Bununla yanaşı, Azərbaycan Hökuməti ilə Moldova Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandomu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi bir oxunuşda müzakirə edilmiş və Milli Məclisdə qəbul olunub.

Bununla yanaşı, 2025-ci ilin payız sessiyası dövründə vətəndaşlardan, idarə və təşkilatlardan daxil olmuş 236 ərizə və məktub, digər müxtəlif xarakterli sənədlərə, elektron poçt vasitəsilə daxil olmuş məktublara komitədə baxılıb. Vətəndaşların şifahi müraciətləri də mütəmadi olaraq dinlənilmiş, qeyd olunan məsələlərlə bağlı müvafiq tədbirlər görülmüş və ya vətəndaşlara lazımi izahatlar verilib.

Komitə tərəfindən müxtəlif məzmunlu 46 ərizə, müraciət və sənəd baxılıb tədbir görülmək üçün aidiyyəti təşkilatlara göndərilib. Ərizələrin əksəriyyəti ilə bağlı müvafiq icra strukturları və təşkilatlarla telefon əlaqəsi saxlanılmış və qanun çərçivəsində həllinə nail olunub.

Payız sessiyası dövründə komitə sədri və üzvləri həm xaricdə, həm də parlamentdə beynəlxalq tədbirlər və görüşlərdə fəal iştirak ediblər”.

Komitə sədri əlavə edib ki, hərbi səfərbərlik və hərbi xidmətkeçmə haqqında ictimai dinləməyə ehtiyac var.

O qeyd edib ki, bir sıra məsələlərə aydınlıq gətirmək üçün belə bir dinləmənin keçirilməsi zəruridir.