BAKI, 30 dekabr. TELEQRAF
"Başa çatan 2025-ci il çox əlamətdar oldu. Əldə olunan nəticələr də bunu deməyə əsas verir. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması sahəsində aparılan islahatlar davam edib. “Böyük Qayıdış” Planı uğurla yerinə yetirilir. Ölkəmizin beynəlxalq arenadakı mövqeləri daha da möhkəmləndirilib".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin siyasi qətiyyəti, müdrik qərarları, strateji addımları nəticəsində bu gün Azərbaycan dünyanın ən uğurlu müstəqil dövlət kimi qəbul olunur: “Onun parlaq gələcəyinə hamı inanır. Dövlətimizin inkişafı və maraqlarının qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində qanunvericilik orqanı olan Milli Məclisin də özünəməxsus rolu olub.
Xanım Sədr, sizin rəhbərliyinizlə ölkə başçımızın qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün mühüm işlər görülüb. Parlament diplomatiyası uğurla davam edib. Bir sıra mühüm yeni qanunlar, eləcə də mövcud qanunlara əlavə və dəyişikliklər olunub. Bu da onu göstərir ki, milli qanunvericilik yeni reallıqları və çağırışları nəzərə alaraq daim təkmilləşir.
Dünən Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edildi. Məlumdur ki, ölkədə gender bərabərliyinin təmin olunması istiqamətində əsaslı addımlar atılıb. Normativ hüquqi baza formalaşdırılıb. Və institusional mexanizmlər yaradılıb. Lakin bununla yanaşı, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin aradan qaldırılması məqsədilə gender bərabərliyinin təmin olunması ilə bağlı növbəti mərhələdə də normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsinə, qadınların ictimai, sosial və iqtisadi fəallığının artırılması üzrə tədbirlərin gücləndirilməsinə, cəmiyyətdə gender bərabərliyi mədəniyyətinin formalaşdırılmasına, müvafiq sahədə təhlil, monitorinq və tədqiqatlar aparılmasına ehtiyac vardır".
Komitə sədrl bildirib ki, bu sənəd, həm ailə institutunun qorunmasına, həm həyatın bütün sahələrində kişi və qadınların bərabər iştirakına, həm də uşaqların hüquqlarının müdafiəsinə, ölkənin ümumi iqtisadi inkişafına, gender əsaslı zorakılığın bütün formalarının aradan qaldırılması sahəsində tədbirlərin sürətləndirilməsinə müsbət təsir göstərəcəkdir: “Fürsətdən istifadə edərək, dövlət başçımıza təşəkkür edirəm. Və təbriklərə qoşularaq, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramı münasibəti ilə hamını təbrik edirəm. Ümid edirəm ki, 2026-cı il Azərbaycan xalqı üçün daha da işıqlı, uğurlu və sülh dolu olacaq. Xalqımıza rifah, sağlamlıq, uğurlar, əmin-amanlıq arzulayıram!”