BAKI, 2 sentyabr. TELEQRAF
Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və Balakən rayonu dairə seçki komissiyasının katibi Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçən prosesdə Rasim İldırımzadə ifadə verib.
O bildirib ki, Qoşqar Məmmədov ona zəng edib və tanış iş adamı Qurban Piriyevin işə düzəlməsi üçün müraciət etdiyini deyib:
"Zərərçəkmişlə əvvəllər bir-birimizi tanımamışıq. Qoşqar dedi ki, onu müəyyən adamlarla tanış etmək istəyir. Qoşqar Məmmədovu da Zaur adlı tələbə yoldaşım vasitəsi ilə tanımışam. Qurban Piriyev Türkiyəyə getmək, xaricdə yatırım etmək istəyirdi. Mənim bu işdə marağım həmin şəxsin xaricdə yox, burada yatırım etməsiydi".
Təqsirləndirilən şəxs qeyd edib ki, Qurban Piriyevə Bakının rayonlarından birinə onu icra başçısı təyin etdirmək barədə heç bir vəd verməyib: "Mənim icra başçısı söhbətindən xəbərim olmayıb. Yalnız biznes qurmaqdan məlumatım olub. Vicdanlı vətəndaş kimi bu işdə ona kömək etmək istəmişəm. Prezident Administrasiyasının vəzifəli şəxsi ilə onu görüşdürmək barədə deyilənlərdən xəbərsiz olmuşam. Zaur Mirzəzadənin özünü Nihad adı ilə təqdim etməsini də bilməmişəm".
Təqsirləndirilən şəxs deyib ki, zərərəçəkmişdən pulun alınmasında iştirak edib. Pulun alınmasında Zaur və Qoşqar iştirakçı olmayıblar: "Ona dedim ki, səni rəsmi adamla tanış edəcəm. Birinci dəfə 2018-ci ildə, ikinci dəfə isə 2019-cu ildə görüşdük. Pulu iki dəfəyə aldıq. Zərərçəkəndən qızılı mən yox, Zaur Mirzəzadə aldı. Mən aldığım pulu Zaura və Qoşqara verdim. Yadımda deyil, mənə nə qədər pul qaldı".
Dövlət ittihamçısı Tural Yaqubov hazırda təqsirləndirilən şəxsə sualların verilməsinin dayandırılmasını istəyib. Bildirib ki, zərərçəkmişlə təqsirləndirilən şəxsin ifadələri arasında ziddiyyətlər var. Dövlət ittihamçısı zərərçəkən şəxsin məhkəməyə dəvət olunmasını, təqsirləndirilən şəxsin zərərçəkmişlə çarpaz dindirilməsini istəyib.
Müdafiəçilər isə hər üç şəxsin dindirilməsi başa çatdıqdan sonra zərərçəkmişlə çarpaz dindirilmənin aparılmasını istəyiblər.
Məhkəmə dövlət ittihamçısının istəyini nəzərə alıb. Təqsirləndirilən şəxsin dindirilməsi təxirə salınıb. Növbəti iclasa zərərçəkmiş dəvət olunacaq və çarpaz dindirilmə aparılacaq.
Növbəti proses sentyabrın 23-də davam edəcək.
İstintaq sənədlərinə görə, Rasim İldırımzadə həbsindən əvvəl istintaqdan yayındığı üçün axtarışda olub. Tutulduqdan sonra isə məhkəmənin qərarı ilə Rasim İldırımzadə, ondan başqa Zaur Mirzəzadə və Qoşqar Məmmədov məhkəmənin qərarı ilə həbs ediliblər. İstintaqın gedişində onlar ev dustaqlığına buraxılıblar, daha sonra isə barələrində “başqa yerə getməmək” haqda qətimkan tədbiri seçilib.
Onların əməlindən ziyan çəkən iş adamı Piriyev Qurban Zeynəddin oğludur. Qurban əvvəllər dövlət orqanlarında müxtəlif vəzifələrdə işləyib. Onu aldadan şəxslərlə tanış edən isə tanışı - Balakən rayon sakini Hürü Əmiraslanovadır. Hürü Əmiraslanova özü də bu işə görə cinayət məsuliyyyətinə cəlb edilib. Amma istintaqın gedişində vəfat etdiyi üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.
İttihama görə, təqsirləndirilən şəxslər Qurban Piriyevi Bakı şəhərinin rayonlarından birinə icra başçısı təyin olunacağı vədi ilə aldadıblar. Cinayətin əsas təşkilatçısı isə Rasim İldırımzadədir. O, qurduğu planla zərərçəkmiş şəxsi inandıra bilib. Rasim İldırımzadə qrupun digər üzvü Qoşqar Məmmədovu yalandan Prezident Administrasiyasında işləyən yüksək vəzifəli şəxs kimi təqdim edib, onun bütün məsələləri həll edəcəyini deyib. Zaur Mirzəzadəni isə sözügedən yerdə guya Nihat adlı mötəbər vəzifədə çalışan şəxs kimi təqdim edib.
İşi düzüb-qoşanların nüfuzlu şəxslər olduğuna inanan Qurban Piriyev icra başçısı keçmək üçün Rasim İldırımzadənin adamlarına bir neçə dəfəyə 510 min manat pul, 34 min manatlıq qızıl-zinət əşyaları verib.
Sonradan aldanıldığını bilən zərərçəkmiş polisə şikayət edib. İlkin istintaq dövründə ona dəymiş 544 min manat ziyanın 85 min manatı Rasim İldırımzadə, 20 min manatı isə Zaur Mirzəzadə və Qoşqar Məmmədov tərəfindən geri qaytarılıb.
Qeyd edək ki, Rasim İldırımzadənin bir qardaşı Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə, digəri isə ləğv olunmuş “Amrahbank”ın təsisçisi Yunus İldırımzadədir.